Ümumi məlumat
Ümumi Məlumat bölməsində işçi qrupunun fəaliyyət sahələri və strukturu haqqında əsas məlumatlar təqdim olunur.
Ümumi məlumat
Azərbaycan Respublikasının İqtisadi Şurasının 11 aprel 2025-ci il tarixli Qərarına əsasən, İqtisadi Şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılmışdır.
İşçi qrupun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoyulmuşdur.
İşçi qrupun yaradılması üzrə əsas məqsədlər
- Biznes mühitinin yaxşılaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi;
- Ölkənin iqtisadi inkişafında özəl sektorun payı və rolunun artırılması;
- Sahibkarlıq subyektlərinin inzibati yükünün minimuma endirilməsi və onların biznes imkanlarının genişləndirilməsi;
- Sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması;
- Dövlət satınalmalarının sadələşdirilməsi və özəl sektorun dövlət satınalmalarında iştirakının asanlaşdırılması və artırılması;
- Qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması;
- Məhkəmə sistemində, habelə sahibkarlıq sahəsində məhkəmə baxışları ilə bağlı fəaliyyətin çevikliyinin artırılması;
- Sahibkarlıq subyektlərinin fəaliyyətini tənzimləyən institutların requlyativ çərçivəsinin sadələşdirilməsi (prosedur, müddət və xərclər);
- Bütün dövlət resurslarına və xidmətlərinə sahibkarların bərabərhüquqlu çıxışı sahəsində çətinliklərin aradan qaldırılması;
- Lisenziya və icazələrin sayının və şərtlərinin optimallaşdırılması;
- Dövlət xidmətləri üzrə zəruri elektronlaşma və rəqəmsallaşmaya nail olunması;
- Dövlət xidmətlərinin göstərilməsində təkrarlığın aradan qaldırılması və oxşar xidmətlərin birləşdilməsi;
- Dövlət xidmətləri üzrə şəffaflığın və əlçatanlığın tam təmin olunması;
- Dövlət qurumlarında daxili strukturlar (tabeli qurumlar) tərəfindən icra olunan bir sıra layihələrin (təmir, tikinti, İT xidmətləri, məsləhət xidmətləri, iaşə xidmətləri və s.) özəl sektora ötürülməsi («Outsorcing»);
- Ödənişli dövlət xidmətlərinin təşkili və göstərilməsində özəl sektorun rolunun artırılması (akkreditasiya yolu ilə);
- Özəl sektora ötürülməsi mümkün olan xidmətlərin özəl sektora ötürülməsi ilə dövlət xidmətlərinin sayının azaldılması;
- Vətəndaşların və sahibkarların məmnunluğunun artırılması;
- Müxtəlif sektorlar üzrə inzibati prosedurların tətbiqi funksionallığının və səmərəliliyinin yüksəldilməsi;
- İqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkili.
